news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 mart 2026

Sofiya şəhərində “Bahar paralelləri: Azərbaycan – Bolqarıstan” adlı Novruz bayramına həsr edilmiş tədbir keçirilib

Sofiya şəhərində “Bahar paralelləri: Azərbaycan – Bolqarıstan” adlı Novruz bayramına həsr edilmiş tədbir keçirilib

 

Martın 25-də Sofiya şəhərində Novruz bayramına həsr olunmuş “Bahar paralelləri: Azərbaycan – Bolqarıstan” adlı mədəni tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfirliyi və Bakı Slavyan Universitetinin (BSU) Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi tərəfindən, həmçinin Türk dilləri və mədəniyyətləri klubunun və UNESCO-nun Cənub-Şərqi Avropa üzrə Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Sofiyadakı Regional Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunub.

Tədbirdə Azərbaycan icmasının üzvləri, diplomatik korpusun təmsilçiləri, Bolqarıstanın akademik dairələrin nümayəndələri, tələbələr və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirin açılış nitqi ilə çıxış edən BSU-nin Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Sofiya Şıqayeva-Mitreska Novruz bayramının Azərbaycan və Bolqarıstan xalqlarını birləşdirən ortaq dəyərləri təcəssüm etdirdiyini, bu cür tədbirlərin universitet mühitində mədəniyyətlərarası dialoqun inkişafına və Azərbaycan mədəniyyətinin Bolqarıstanda tanıdılmasına xidmət etdiyini bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Nemət Əliyev UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Novruz bayramının yenilənmə, harmoniya və yeni başlanğıcı simvolizə etdiyini, barışıq, həmrəylik və birgə dinc yaşamaq kimi dəyərləri təbliğ etdiyini qeyd edib. O, eyni zamanda BMT-nin Baş Assambleyasının Novruz bayramı ilə bağlı qəbul etdiyi müvafiq qətnamənin bu bayramın beynəlxalq səviyyədə tanınmasının və onun ümumbəşəri dəyərlər daşıdığının göstəricisi olduğunu bildirib.

N.Əliyev çıxışında bildirib ki, Novruzun təcəssüm etdirdiyi bu dəyərlər bu gün region üçün də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpa olunmasından sonra regionda yaranmış yeni reallıqlar məhz sülhə, əməkdaşlığa və birgə inkişafa əsaslanan yeni mərhələnin başlanğıcını ifadə edir. O vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazın qarşıdurma deyil, əməkdaşlıq və inkişaf məkanına çevrilməsinin tərəfdarıdır.

Sofiya Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru professor Reneta Bojankova Azərbaycan ilə Bolqarıstan arasında mədəni və akademik əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib, Novruz və bolqar bahar ənənələrinin xalqlar arasında mədəni körpü rolunu oynadığını, bu cür tədbirlərin isə mədəniyyətlərarası dialoqun gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıb.

UNESCO-nun Cənub-Şərqi Avropa üzrə Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Regional Mərkəzinin nümayəndəsi Lora Voiçeva Mərkəzin rəhbərinin adından çıxış edərək bu cür tədbirlərin qeyri-maddi mədəni irsin qorunması, ötürülməsi və təbliği baxımından əhəmiyyətini vurğulayıb, onların ölkələr arasında mədəni dialoq, qarşılıqlı hörmət və əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyini bildirib.

Tədbirin mədəni proqramı Azərbaycan və Bolqarıstanın bahar ənənələri arasındakı paralellərə həsr olunub. Proqram çərçivəsində Novruz və bolqarların Baba Marta ənənəsinə həsr olunmuş Gəncə Rəsm Məktəbinin şagirdlərinin rəsmlərindən ibarət sərgi, eləcə də bolqar məktəbliləri və tələbələrinin hazırladıqları kompozisiyalardan ibarət sərgi təqdim olunub. Tələbələr Novruz və bolqarların Lazarovden bayramı haqqında müqayisəli təqdimatla çıxış edib, Azərbaycan və bolqar dillərində bahara həsr olunmuş şeirlər səsləndiriblər. Proqram çərçivəsində Azərbaycanın ənənəvi “Uzundərə” və “Bahar qızı” rəqsləri və Küstendilska rıçenitsa bolqar rəqsi təqdim olunub.

Tədbir birlik və həmrəylik ruhunu simvolizə edən Azərbaycan milli “Yallı” rəqsi ilə yekunlaşıb.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti