news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 aprel 2026

Sofiya şəhərində “Bolqarıstan universitetləri və akademik dairələri üçün şəhərsalma üzrə WUF13 tədbirinə dair işçi səhər yeməyi” adlı tədbir təşkil olunub

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi tərəfindən 30 aprel 2026-cı il tarixində Sofiya şəhərində “Bolqarıstan universitetləri və akademik dairələri üçün şəhərsalma üzrə WUF13 tədbirinə dair işçi səhər yeməyi” (Urban Breakfast with Bulgarian Academia) adlı tədbir təşkil edilib. Tədbir Azərbaycan və Bolqarıstanın aparıcı akademik dairələrinin və universitetlərinin nümayəndələrini və Sofiya bə onun İzqrev rayonunun şəhər Meriyasının rəsmilərini bir araya gətirərək, 17–22 may 2026-cı il tarixlərində Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasının (WUF13) təqdimatı və təşviqi, eyni zamanda dialoq və məlumat mübadiləsi üçün əlverişli platforma rolunu oynayıb.

 

Tədbir çərçivəsində WUF13 üzrə Milli Koordinatorun müavini, Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsi sədrinin müavini xanım Gülşən Rzayeva, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Katibliyinin nümayəndəsi cənab Hamza Berrouane, həmçinin Bolqarıstanın aparıcı ali təhsil müəssisələrinin – Memarlıq, İnşaat və Geodeziya Universiteti, Milli və Dünya İqtisadiyyatı Universiteti və Meşəçilik Universitetinin rəhbərlikləri, professorları və tədqiqatçıları çıxışlar edərək müzakirələrdə fəal iştirak ediblər. Ölkəmiz isə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetinin və digər ali təhsil ocaqlarının rəhbərlikləri, professorları və tədqiqatçıları tərəfindən fəal təmsil olunub. Tədbirdə, həmçinin Sofiya şəhəri və onun İzqrev rayonu daxil olmaqla bələdiyyələrinin nümayəndələri və digər maraqlı tərəflər də iştirak edib.


Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Elmar Məmmədov öz çıxışında Ümumdünya Şəhər Forumunun urbanizasiya ilə bağlı çağırış və imkanların müzakirəsi üçün əsas qlobal platforma olduğunu vurğulayıb. O, COP29 və WUF13 kimi iri beynəlxalq tədbirlərə ev sahibliyi edərək kreativ mövzularda qlobal miras yaradan Azərbaycanın zəngin təcrübəsini və ölkəmizin dayanıqlı şəhərlərin inkişafına artan diqqətini qeyd edib.  Ölkəmizin COP29-a ev sahibliyi təcrübəsinə toxunan səfir COP29 Azərbaycan sədrliyi tərəfindən irəli sürülən “Dayanıqlı və Sağlam Şəhərlər üçün Multisektoral Fəaliyyət Yolları (MAP)” təşəbbüsünün əhəmiyyəti barədə məlumat verib. Bununla yanaşı, regional və milli səviyyədə həyata keçirilən dayanıqlı və yaşıl şəhər təşəbbüsləri, bu xüsusda Avropa Yenidənqurma və İnkişaf Bankı kimi çoxtərəfli maliyyə institutları ilə əməkdaşlıq imkanları xüsusi qeyd edilib.


Səfir E.Məmmədov tərəfindən WUF13-ün təkcə Azərbaycan üçün deyil, Avropa və Asiya regionu üçün mühüm əhəmiyyət kəsb etdiyi və Forumun ilk dəfə Qafqaz regionunda keçiriləcəyi vurğulanıb. Növbəti ay Bakıda keçiriləcək Forumun qlobal səviyyədə aktual problemlər olan mənzil çatışmazlığı, iqlim dayanıqlığı və inklüziv şəhərlər kimi məsələləri əhatə etdiyini bildirilib.


Gülşən Rzayeva və Hamza Berrouane tərəfindən edilmiş təqdimatlarda WUF13-ün məqsədləri, prioritetləri, universitetlər və akademiya üçün iştirak imkanları barədə ətraflı məlumat verilib. Həmçinin, WUF13 çərçivəsində Azərbaycanın yeni təşəbbüsləri təqdim olunub, akademiyanın dayanıqlı şəhərlərin formalaşdırılmasındakı rolu vurğulanıb.  


80-dən artıq iştirakçı ilə hibrid formatda keçirilən tədbir Bolqarıstan və Azərbaycan universitetləri və akademik dairələri arasında dialoq üçün səmərəli platforma rolunu oynayaraq universitetlərarası əməkdaşlıq, qarşılıqlı maraq doğuran sahələr üzrə birgə tədqiqatlar və WUF13-də fəal iştirak imkanları ətrafında müzakirələrin aparılmasına töhfə verib.


Bununla yanaşı, Azərbaycanın şəhərsalma sahəsində təcrübəsi və həyata keçirilən layihələr barədə geniş məlumat verilib, dayanıqlı şəhərlərin inkişafı və müasir infrastrukturun formalaşdırlması istiqamətində innovativ yanaşmalar iştirakçıların diqqətinə çatdırılıb.


Tədbir “Azərbaycanda 2026-cı il - Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş foto sərgisi ilə yekunlaşıb. Sərgidə ölkəmizin, o cümlədən Bakı, Şuşa, Naxçıvan və digər şəhərlərimizin tarixi abidələri, zəngin mədəni irsi və müxtəlif memarlıq nümunələrini əks etdirən şəkillər nümayiş olunub.


Tədbir Azərbaycanın WUF13 çərçivəsində inklüziv iştirakın təmin edilməsi və qlobal tərəfdaşlıqların genişləndirilməsi istiqamətində həyata keçirdiyi geniş təşəbbüslərin bir hissəsi olaraq iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti