Sofiyada İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib
Azərbaycan-Bolqarıstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 7-ci iclası 30 oktyabr tarixində Sofiyada keçirildi.
İclasdan əvvəl hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə komissiyanın Bolqarıstan tərəfindən həmsədri, energetika naziri Jeço Stankovun rəhbərlik etdiyi nümayəndə heyəti arasında ikitərəfli görüş keçirildi. Görüşdə Azərbaycan və Bolqarıstan arasında ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri; enerji, nəqliyyat, kənd təsərrüfatı, texnologiya transferi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, Orta Dəhlizin yaratdığı üstünlüklərdən üçüncü ölkələrə məhsul ixrac edərkən istifadə, ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm sahələrində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Qeyd edildi ki, iki ölkə arasında aktiv əməkdaşlıq çərçivəsində artıq onlarla saziş imzalanıb ki, bu da münasibətlərin davamlı inkişafının bariz göstəricisidir.
Daha sonra hər iki ölkənin dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın 7-ci iclası öz işinə başladı. Bolqarıstanın energetika naziri Jeço Stankov və Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun həmsədrliyi ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün konkret addımlar müzakirə olundu.
Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının həmsədri, energetika naziri Jeço Stankov Bolqarıstan tərəfinin Azərbaycanla qarşılıqlı maraq doğuran bütün sahələrdə - ticarət və sənaye, investisiyalar, enerji, nəqliyyat, kənd təsərrüfatı, müdafiə, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu qeyd etdi. Azərbaycanı Bolqarıstanın strateji iqtisadi tərəfdaşı adlandıran Jeço Stankov enerji sektorundakı münasibətlərin ikitərəfli əlaqələrdə əsas rol oynadığını vurğulayıb. Nazir Stankov bildirdi ki, "Ölkələrimiz arasındakı münasibətlərdə əsas komponent enerji sektorudur, lakin biz ikitərəfli əməkdaşlığın gücləndirilməsi üçün bir sıra digər imkanları da müəyyən edirik". O, kənd təsərrüfatı, nəqliyyat, sənaye, müdafiə sənayesi və digər sahələri əlaqələrin dərinləşdirilməsi üçün potensial sektorlar kimi qeyd etdi. O, əlavə etdi ki, Bolqarıstan enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsini prioritet istiqamət kimi müəyyən edən Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir.
Nazir Stankov vurğuladı ki, "Bolqarıstan və Azərbaycan arasında tərəfdaşlıq iqtisadiyyatlarımızı daha rəqabətli edəcək strateji xarakterə malikdir. Müzakirə olunan mövzuların geniş çeşidi və qarşılıqlı faydalı layihələr birgə işin nəticələrini nümayiş etdirir". Həmsədrlər enerji sektorunun tərəfdaşlığın aparıcı sahəsi kimi əhəmiyyətini vurğuladılar. Azərbaycan qazı Bolqarıstanda istehlakın təxminən üçdə birini əhatə edir və regionun enerji təhlükəsizliyində strateji rol oynayır. Avropa üçün əsas layihə olan Cənub Qaz Dəhlizini dəstəkləyən ilk ölkələrdən biri olan Bolqarıstan da yaşıl dəhlizlər və Xəzər regionundan dayanıqlı enerjinin ötürülməsi təşəbbüslərində iştirak etmək istəyini təsdiqləyib.
Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyasının həmsədri, kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkələrimiz arasında münasibətlərin 30 ildir bütün sahələrdə uğurla inkişaf etdiyini, Azərbaycanın Bolqarıstanla çoxşaxəli əməkdaşlığa əsaslanan əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini və bütün sahələrdə əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd etdi. Həmsədr iki ölkənin iqtisadi potensialını nəzərə alaraq ticarət əlaqələrinin daha da şaxələndirilməsinin və ticarət dövriyyəsinin artırılmasının vacibliyinə diqqət çəkdi və birgə biznes forumlarının ixrac yönümlü rəqabətədavamlı məhsullar haqqında müntəzəm məlumat mübadiləsinə imkan verəcəyini bildirdi.
Nazir Məcnun Məmmədov kənd təsərrüfatı məhsulları da daxil olmaqla, Azərbaycan məhsullarının Bolqarıstan vasitəsilə Avropa İttifaqına və üçüncü ölkələrə ixracı ilə bağlı çətinliklərin və bürokratik maneələrin aradan qaldırılmasının vacibliyinə toxundu. O, hər iki ölkənin iş adamlarını Azərbaycan və Bolqarıstanın malik olduğu əlverişli coğrafi mövqe və iqtisadi zonaların üstünlüklərindən məhsul ixracı üçün yararlanmağa çağırdı.
Görüş zamanı hər iki tərəfdən Xarici İşlər, Energetika, Kənd Təsərrüfatı, İqtisadiyyat, Mədəniyyət, Elm və Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat, Turizm nazirliklərinin yüksək səviyyəli nümayəndələri, eləcə də SOCAR, AZPROMO və Ələt Azad İqtisadi Zonası İdarəsinin səlahiyyətli nümayəndələri ətraflı çıxışlar edərək müvafiq sahələrdə əməkdaşlığın konkret aspektlərini diqqətə çatdırdılar.
Görüşün sonunda İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın 7-ci iclasının Protokolu imzalandı. Sənəd iki ölkə arasında iqtisadiyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, sənaye, enerji, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları, elmi-texniki və humanitar, sosial, səhiyyə, ətraf mühit və turizm sahələrində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsini nəzərdə tutur. Protokolda həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin hüquqi və tənzimləyici bazasının daha da təkmilləşdirilməsi niyyəti də əks olunub.
Tərəflər gələn il Azərbaycan-Bolqarıstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 8-ci iclasının Azərbaycanda keçirilməsi barədə razılığa gəldilər.