news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 may 2019

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Bolqarıstanın Teteven şəhərində anıldı

Azərbaycanın Bolqarıstandakı Səfirliyinin təşəbbüsü və Teteven Bələdiyyəsi və Bolqarıstanın Ehtiyatda olan Zabitlər və Serjantlar İttifaqının Teteven bölməsinin birgə təşkilatçılığı ilə Teteven şəhərində Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılmasının 100 illik yubileyi və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə səfir N.Qurbanova “Azərbaycan diplomatiyası və müasir xarici siyasətimizin memarı Heydər Əliyev” mövzusunda məruzə ilə çıxış etmiş və Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsalı olan “Son iclas” bədii-sənədli filmi və “İrs” jurnallarının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilmişdir.

Tədbirdə Teteven şəhər rəhbərliyi, şəhər kitabxanasının direktoru, Bolqarıstanın Ehtiyatda olan Zabitlər və Serjantlar İttifaqının Teteven bölməsinin üzvləri, şəhər sakinləri və yerli KİV nümayəndələri iştirak etmişlər.

Mərasimdə səfir N.Qurbanova ötən il müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100-cü ildönümünün ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda təntənəli keçirildiyini söyləmişdir. Cəmi 23 ay yaşayan Cümhuriyyətin qısa müddətdə həyata keçirdiyi böyük işlərdən söz açmışdır. N.Qurbanova cari ildə 100 illik yubileyini qeyd etdiyimiz diplomatik xidmət orqanlarının tarixinin məhz o dövrdən başladığını əlavə etmişdir.

Səfir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, Şərqdə demokratiyanın əsasının məhz Azərbaycan xalqı tərəfindən qoyulduğunu qürur hiss ilə bildirmiş və hazırda bu demokratik ənənələrin davam etdiyini diqqətə çatdırmışdır.

N.Qurbanova sivilizasiyalar və mədəniyyətlərin qovşağında yerləşən ölkəmizin mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliğinə böyük töhfələr verdiyi qeyd edərək bir neçə gün öncə Bakının Azərbaycan Hökumətinin təşkilatçılığı, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Ümumdünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun tərəfdaşlığı ilə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin qatıldığı V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdiyi barədə məlumat vermişdir.

O, davam etmişdir ki, AXC-nin süqutundan 71 il sonra Azərbaycan yenidən öz müstəqilliyinə qovuşaraq  dünya ictimaiyyətinə müstəqil dövlət kimi qoşulmuşdur.  Müstəqilliyimizin ilk illərində ölkəmizin ağır vəziyyətlə üzləşdiyini söyləyən N.Qurbanova Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, erməni millətçiləri tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti barədə danışmış, qarşısına çıxan maneələrə baxmayaraq, ötən dövr ərzində ölkəmizin çox uğurlu bir inkişaf yolu qət edərək qlobal və regional proseslərə böyük töhfələr verən ölkəyə çevrildiyi əlavə etmişdir. Səfir görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin xalqımızın həyatında, müstəqil dövlətçilik tariximizdə misilsiz rolundan ətraflı bəhs etmişdir. O, cari il 10 may tarixinin bu dahi şəxsiyyətin anadan olmasının 96-cı ildönümü olduğunu və onun əziz xatirəsinin xalqımız tərəfindən dərin hörmət və ehtiramla yad edildiyini vurğulamışdır. N.Qurbanova əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu uğurlu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini diqqətə çatdırmışdır

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dost Bolqarıstan ilə əlaqələrinin inkişaf etdirilməsinə daim önəm verdiyini qeyd edən səfir N.Qurbanova 4 mart 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sofiyaya rəsmi səfəri zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin imzalanması, Azərbaycan ilə Bolqarıstan arasında müxtəlif sahələrdə əməkdaşlığın sürətlə inkişaf etməsi və bu əlaqələrin daha möhkəmləndirilməsi üçün böyük potensialın mövcud olmasına diqqət çəkmişdir.

Daha sonra səfir izləyicilərə nümayiş olunacaq “Son iclas” bədii-sənədli filmi barədə məlumat vermişdir. Səfir bildirmişdir ki, film Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmişdir. Filmin baş prodüseri Bakı Media Mərkəzinin direktoru Azru Əliyevadır. Film AXC-nin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə qarşı son anadək apardıqları qeyri-bərabər, dönməz və qətiyyətli mübarizədən bəhs olunur. Filmin çəkilişləri paytaxtla yanaşı, tarixi hadisələrin yaşandığı digər bölgələrdə lentə alınmışdır.

Səfər çərçivəsində N.Qurbanova həmçinin şəhər rəhbərliyi – şəhərin meri M.Boyadciyeva və onun müavinləri və B.Vrabevski, T.Stoev və S.Rusinov ilə görüş keçirmiş və Teteven şəhər kitabxanasına ölkəmizin mədəniyyəti və tarixinə dair kitablar hədiyyə etmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti