Ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi Sofiyada anılıb
12 dekabr 2017-ci il tarixində Sofiya şəhərində Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri, tarixi şəxsiyyət Heydər Əliyevin vəfatının 14-cü ildönümü və əziz xatirəsi dərin ehtiramla anılmışdır.
Anım mərasimində Bolqarıstandakı Azərbaycan diasporunun nümayəndələri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, “Azərbaycanın Dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri iştirak etmişdir.
Mərasim iştirakçıları qarşısında çıxış edən Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı səfiri Nərgiz Qurbanova Azərbaycan xalqının taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyət ümummilli lider Heydər Əliyevin xalqa sevgi və xidmət amalına söykənən ideyaları ilə nəinki min illərin sınağından çıxmış mədəniyyətimizi, tariximizi və milli dövlətçiliyimizi qoruduğunu, eyni zamanda xalqın tarixi şəxsiyyət ətrafında birləşməsinə əyani nümunə olduğunu ifadə etmişdir. N.Qurbanova 1969-cu ildə ulu öndərin rəhbərliyə gəlişi ilə ölkədəki tənəzzül prosesinin qarşısının alındığını və inkişafa nail olunduğunu xatırlatmış, dahi siyasi xadimin 1993-cü ildə müstəqilliyini itirmək təhlükəsi ilə üzləşən Azərbaycanı fəlakətlərdən xilas edərək demokratik, hüquqi və sürətlə inkişaf edən dövlətə çevrilməsinin səbəbkarı olduğunu qeyd etmişdir. Diplomat müstəqilliyin ilk illərinə Azərbaycan cəmiyyətinin parçalanma təhlükəsi ilə üzləşdiyini, milli birlik və həmrəylik ideyalarından uzaq düşdüyünü, məhz belə bir şəraitdə ulu öndərin milli dövlətçiliyi xilas etmək naminə 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycan xalqını uçurumdan hifz etdiyini vurğulamışdır.
Ulu öndərin müstəqil dövlət quruculuğu konsepsiyasının müasir Azərbaycan dövlətinin uğurlarının bünövrəsini qoyduğunu və dövlətimizin dünya birliyinin tamhüquqlu üzvünə çevrilməsinə zəmin yaratdığını söyləyən səfir qısa zaman kəsiyində həyata keçirilən diplomatik addımlar sayəsində “Əsrin müqaviləsi”nin imzalandığını, regional və qlobal enerji təminatçısına çevrilmiş Azərbaycanın dünya birliyinə fəal inteqrasiya olunduğunu qeyd etmişdir. N.Qurbanova müdrik və uzaqgörən siyasətin məntiqi nəticəsi olaraq Azərbaycanın qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi kimi qlobal layihələrin aparıcı qüvvəsinə çevrilməsini qonaqların diqqətinə çatdırmışdır.
Ümummilli liderin siyasi mühitin əlverişli məqamlarından hər zaman milli kimlik və şüurun oyanışı naminə diplomatik tərzdə istifadə etməyi bacardığını xatırladan səfir ulu öndərin cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətindəki düşüncələrini xalqımızın birliyinin siyasi və elmi-nəzəri əsaslarını formalaşdırdığını qeyd etmişdir. N.Qurbanova dahi siyasi xadimin dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid amalımız ətrafında birləşdirilməsinin ideya müəllifi olduğunu, xaricdə yaşayan soydaşlarımızın müqəddəs Azərbaycan torpağına bağlılığına söykənən azərbaycançılıq ideologiyasının əsasını qoyduğunu vurğulamış və bu gün azərbaycançılığın həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün birləşdirici ünsürə çevrildiyini ifadə etmişdir. Səfir məhz ulu öndərin qayğısı ilə müstəqil Azərbaycan Respublikasının müxtəlif dövrlərdə dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımızın fəxarət və mənəvi dayaq yerinə çevrildiyini anım iştirakçılarının diqqətinə çatdırmışdır. Ulu öndəri yad edərkən belə onun ideyalarından bəhrələnərək soydaşlarımızı və Azərbaycanın dostlarını bir yerə topladıqlarını ifadə edən diplomat ulu öndərin fəaliyyətinə həsr olunan filmdə də məhz onun azərbaycançılıq ideyalarının, xaricdə yaşayan həmvətənlərimizə və Azərbaycanın dostlarına olan diqqətinin daha çox işıqlandırıldığını vurğulamışdır.
Daha sonra N.Qurbanova ümummilli lider Heydər Əliyevin siyasi kursunun onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini, Azərbaycan beynəlxalq arenada nüfuz və mövqeyini daha da gücləndirdiyini söyləmiş və hazırda hər bir soydaşımızın güclü sosial-iqtisadi inkişafı ilə Azərbaycanın regionun lideri dövlətinə çevrilməsindən, güclü və dönməz müstəqilliyindən fəxr hissi duyduğunu vurğulamışdır. Səfir çıxışın sonunda məhz bu nailiyyət və uğurların xalqımızı vahid bayraq altında birləşdirmiş ulu öndər Heydər Əliyevin xatirəsinə dərin hörmətin ifadəsi olduğunu qeyd etmişdir.
Səfir N.Qurbanovanın çıxışından sonra ümummilli lider Heydər Əliyevin həyatından, onun azərbaycançılıq ideyaları və xaricdə yaşayan həmvətənlərimizə olan qayğı və diqqətindən bəhs edən film nümayiş etdirilmişdir.
Mərasimin sonunda Səfirliyin inzibati binasında ümummilli lider Heydər Əliyevin vəfatı günü ilə əlaqədar ehsan süfrəsi açılmışdır.