news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 28 aprel 2016

XİN-in Mətbuat xidmətinin qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə əlaqədar açıqlaması

Amerika Birləşmiş Ştatları Dövlət Departamenti və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə əlaqədar ifadə etdikləri narahatlıqlarını bölüşürük. 

27 aprel tarixində axşam saatlarından başlayaraq 28 aprel tarixinədək Ermənistan silahlı qüvvələri qoşunların təmas xətti boyunca iri çaplı minaatanlar və toplardan istifadə etməklə əsasən Ağdam və Tərtər rayonlarında sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisi, fərdi və dövlət mülkiyyətində olan obyektlər və Azərbaycan ordusunun mövqelərini intensiv atəşə tutub.

Ermənistan tərəfinin beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, mülki Azərbaycan əhalisini məsuliyyətsiz və hədəflənmiş şəkildə ağır silahlardan atəşə tutması nəticəsində Ağdam rayonunda bir nəfər mülki şəxs həlak olub, 7 nəfər isə yaralanıb. Bunun nəticəsində yalnız 27 apreldən 28-nə keçən gecə Tər-Tər və Ağdam rayonlarında 20-dən artıq mülkiyyətə və sosial obyektə ciddi zərər dəyib. Ümumiyyətlə, 2 aprel tarixindən başlayaraq Ermənistanın bu kimi əməllərinə görə təmas xəttinə yaxın yaşayış məntəqələrində dövlət və özəl mülkiyyətə ciddi ziyan vurulub. 

Ermənistanın qoşunların təmas xətti boyunca sıx şəkildə yaşayan mülki Azərbaycan əhalisinə qarşı qəsdən canlı qüvvənin məhv edilməsi üçün nəzərdə tutulan kasetli mərmilərdən istifadə etməsi heç bir hərbi təyinat daşımır, yalnız mülki insanlar arasında kütləvi qırğın törədilməsinə xidmət edir. Bir hissəsi partlamayan kasetli mərmilərin hissəcikləri uzun müddət ərzində mülki insanların həyatı və mülkiyyəti üçün təhlükə mənbəyidir. 

Ermənistan silahlı qüvvələrinin qeyri-insani vasitələrə əl ataraq, mülki insanların qırğınının təkrar həyata keçirilməsi cəhdləri sıradan olan adi hal deyil, Ermənistan Respublikasının dövlət səviyyəsində Azərbaycana qarşı həyata keçirdiyi planlı və sistematik terror siyasətinin tərkib hissədir.

Qoşunların təmas xətti boyunca Ermənistanın nəzarətində olan işğal edilmiş ərazilərdə mülki insanlara və obyektlərə zərərin dəyməsi barəsində rəsmi Yerevanın iddiaları yalandır. Ermənistan tərəfinin işğal edilmiş ərazilərdə mülki Azərbaycan əhalisinə qarşı həyata keçirdiyi etnik təmizləmə nəticəsində təmas xəttinin Ermənistanın nəzarətində olan hissələrində mülki insanlar yoxdur.

5 aprel tarixində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri səviyyəsində əldə olunmuş atəşkəsə məhəl qoymayaraq, Ermənistan tərəfindən vəziyyətin gərginləşdirilməsi, mülki insanların və sosial obyektlərin qəsdən hədəfə alınması və münaqişənin həlli üzrə danışıqlardan imtina etməsi kimi təxribatçı əməlləri beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə qınanmalı və pislənilməlidir.

Azərbaycan tərəfi beynəlxalq ictimaiyyəti Ermənistanın yeni təxribatlara hazırlaşması barəsində hərtərəfli şəkildə məlumatlandırıb və xəbərdar edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti