news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 fevral 2026

Xocalı soyqırımının 34-cü ildönümü Bolqarıstanda qeyd edilib

Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Azərbaycanın Bolqarıstandakı səfirliyində anım mərasimi keçirilib.

Tədbirdə Bolqarıstanın yerli ictimaiyyəti və azərbaycanlı icmasının üzvləri, eləcə də ölkədə təhsil alan xarici və azərbaycanlı tələbələr iştirak ediblər. Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycanın Bolqarıstandakı müvəqqəti işlər vəkili Nemət Əliyev 26 fevral 1992-ci ildə Xocalı şəhərində törədilən kütləvi qırğın barədə ətraflı məlumat verib. O bildirib ki, Xocalı soyqırımı beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması olmaqla, müasir tarixdə mülki əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir.

Qeyd olunub ki, Xocalı faciəsinə hüquqi-siyasi qiymət məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. 1994-cü il 24 fevral tarixli Milli Məclis qərarı ilə fevralın 26-sı Xocalı Soyqırımı Günü elan edilib və bu barədə beynəlxalq təşkilatlara məlumat verilib. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası sayəsində 18 ölkənin qanunverici orqanı, ABŞ-ın 24 ştatı, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb və pisləyib. Hazırda xarici ölkələrdə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış 10 abidə mövcuddur.

Tədbirdə, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər barədə məlumat verilib. 2023-cü il 19 sentyabrda keçirilən lokal antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, işğal altında olan bütün ərazilər, o cümlədən Xocalı azad olunub və tarixi ədalət bərqərar olub.

Tədbir çərçivəsində “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Xocalıda həyata keçirilən bərpa və yenidənqurma işlərini, həmçinin məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz qayıdışını əks etdirən videomaterial nümayiş etdirilib. Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılmış Xocalı Soyqırımı Memorial Kompleksi barədə məlumat verilib. Kompleks yalnız anım məkanı deyil, həm də tarixi yaddaşın qorunması və gələcək nəsillərin maarifləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirdə Bolqarıstanda yaşayan Azərbaycan diasporunun nümayəndəsi Sabir Quliyev və “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Kömək” İctimai Birliyinin sədri Mariya Pavlovna Hüseynova-Atanasova çıxış edərək Xocalı soyqırımı ilə bağlı fikirlərini bölüşüblər.

Bakı Slavyan Universitetinin (BSU) Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şıqayeva-Mitreska bolqar rejissor Xristo Stoyçevin Xocalı Soyqırımına həsr etdiyi şeirini bolqar dilindən tərcümə edərək səsləndirib.

Rəsmi hissədən sonra tədbir iştirakçıları iftar süfrəsinə dəvət olunublar. Eyni zamanda, “Xocalıya ədalət” kampaniyası çərçivəsində Bolqarıstan mətbuatında Xocalı soyqırımı ilə bağlı məqalələr dərc edilib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti