news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 iyun 2024

Bolqarıstanda Şuşa şəhərinin tarixi-mədəni irsinin təbliğinə dair rəsm və foto sərgiləri, həmçinin musiqili-ədəbi gecə təşkil olunub.

Bu ilin 3-8 iyun tarixlərində Bolqarıstanın Sozopol şəhərində keçirilən “Soleil” Beynəlxalq Frankofoniya Festivalı çərçivəsində Azərbaycanın Şuşa şəhərinin tarixi-mədəni irsinin təbliği məqsədilə “Xarı bülbül – məhəbbət və sülhün rəmzi” və “Şuşa – Azərbaycanın mədəniyyət irsinin incisi” adlı rəsm və foto sərgiləri, həmçinin musiqili-ədəbi gecəsi təşkil olunub.

Bakı Media Mərkəzinin dəstəyi və Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilən “Şuşa– Azərbaycanın mədəniyyət irsinin incisi” adlı rəsm və fotosərgisində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin füsunkar təbiətini, qədim tarixini və zəngin mədəniyyətini təcəssüm etdirən rəsm və fotoşəkillər nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov Şuşa şəhərinin Azərbaycanın tarixi vəmədəniyyətində tutduğu əvəzsiz yeri barədə danışıb, torpaqlarının 30 illik işğaldan azad olunması və onları bərpa edərək orada mədəniyyət incilərini yenidən tərənnüm edən Azərbaycan xalqının əzmkarlığı, həmçinin zəngin müxtəlifliyiilə seçilən Azərbaycan mədəniyyəti barədə ətraflı məlumat təqdim edib.

Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyinin dəstəyi və Bakı Slavyan Universitetinin Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə sərgilənən “Xarı bülbül – məhəbbət və sülhün rəmzi” rəsm sərgisində Bolqarıstanın incəsənət məktəblərinin şagirdləri tərəfindən xarı bülbülü təsvir edən rəsm nümunələri nümayiş etdirilib və Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska tərəfindən Azərbaycanın Şuşa bölgəsində bitən endemik xarı bülbül gülünün Azərbaycan xalqı arasında sevgi və sülh nişanı olması ilə yanaşı, 44 günlük Vətən Müharibəsi dövründə xalqımızın şanlı zəfərinin rəmzinə çevrildiyinə dair məlumat verilib.  

Sərgilərin açılışından sonra Azərbaycanın əməkdar artisti Turan Manafzadənin ifası ilə milli və klassik musiqi əsərləri, həmçinin xanım Şıqayeva-Mitreskanın Azərbaycan və bolqar dillərində  səsləndirdiyi Azərbaycanın Qarabağ bölgəsinin şairələri Ağabəyim ağa və Xurşidbanu Natəvanın şeirlərindən ibarət musiqili-ədəbi gecəsi keçirilib.

Tədbirdə Sozopol şəhərinin meri, Bolqarıstanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları və üzvləri, mədəniyyət və ictimai xadimlər, yerli sakinlər və qonaqlar, həmçinin media nümayəndələri iştirak ediblər.

“Soleil” Beynəlxalq Frankofoniya Festivalında Azərbaycanın Şuşa şəhərinin tarixi-mədəni irsinə dair təşkil olunmuş tədbirlər iştirakçılar tərəfindən yüksək maraqla qarşılanıb və yerli media tərəfindən geniş işıqlandırılıb.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti