Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri etimadnaməsinin surətini Bolqarıstan Respublikasının xarici işlər nazirinin müavininə təqdim etdi
03.04.2026
Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Elmar Məmmədov Bolqarıstan Respublikasının Xarici İşlər Nazirliyində Bolqarıstan Respublikasının xarici işlər nazirinin müavini cənab Radi Naydenova etimadnaməsinin surətini təqdim etmişdir
Görüş zamanı səfir Elmar Məmmədov və nazir müavini Radi Naydenov Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərini müzakirə etmiş, iki ölkə arasında strateji tərəfdaşlığın inkişafına, eləcə də enerji, yaşıl enerji, rəqəmsal inkişaf, nəqliyyat bağlantıları, mədəniyyət və insanlararası əlaqələr sahələrində əməkdaşlığa xüsusi diqqət yetirmişlər.
Tərəflər fəal siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulamış və son illərdə ikitərəfli əməkdaşlığın müsbət dinamikasından məmnunluqlarını ifadə etmişlər. Bu kontekstdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi rolu da yüksək qiymətləndirilmişdir.
Hər iki tərəf Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində səylərin davam etdirilməsinə sadiqliklərini bir daha təsdiq etmişlər.