Azərbaycan Respublikası Milli Məclisinin sədri Bakıda səfərdə olan Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselova ilə görüşüb
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselova ilə görüşüb.
Görüşdə Nataliya Kiselovanın Azərbaycana bu ilk səfərinin iki ölkə və parlament arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inam ifadə olunub.
Milli Məclisin sədri Sahibə Qafarova QDİƏT PA-nın fəaliyyətdə olan sədri kimi sessiya çərçivəsində QDİƏT PA-ya sədrliyin Bolqarıstan parlamentinə təhvil veriləcəyini qeyd edib və bu təşkilatın parlamentlərarası əməkdaşlıq üçün mühüm bir platforma olduğunu bildirib.
O qeyd edib ki, Azərbaycan və Bolqarıstan dost və strateji tərəfdaş ölkələrdir. İki ölkə arasında siyasi əlaqələr Prezident İlham Əliyevin və Prezident Rumen Radevin qarşılıqlı səfərləri ikitərəfli münasibətlərin inkişafında müstəsna rol oynayır.
Milli Məclisin sədri həmçinin bildirib ki, Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli və çoxşaxəli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərin qarşılıqlı fəaliyyətidir. Bu sahədə parlamentlərarası dostluq qruplarının birgə fəaliyyəti mühüm rol oynayır.
Söhbət zamanı parlament komitələri arasında münasibətlərin inkişafı, beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlığın gücləndirilməsi barədə də danışılıb.
Bolqarıstan Xalq Məclisinin sədri Nataliya Kiselova ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib və onun səfərinin də bu münasibətlərin göstəricisi olduğunu diqqətə çatdırıb. N.Kiselova ikitərəfli əlaqələrin inkişafı baxımdan QDİƏT PA-nın əhəmiyyətli bir platforma olduğunu qeyd edib.
O, Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Veliko-Tarnovo şəhərinin Trapezitsa Arxeoloji Muzey Qoruğunun bərpasının bolqar xalqı tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.
Söhbət zamanı o, regional və beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq, qarşılıqlı parlament dostluq qruplarının fəaliyyəti, eləcə də parlament diplomatiyasının əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.