news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 mart 2025

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bolqarıstanın xarici işlər naziri Georg Georgiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Tərəflər arasında keçirilən təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirildi.

Geniştərkibli görüşdə Azərbaycan-Bolqarıstan strateji tərəfdaşlığının müxtəlif, o cümlədən iqtisadi, ticarət, enerji təhlükəsizliyi, yaşıl enerji, humanitar, mədəni və digər aspektləri, gələcək planlar, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olundu.

Görüşdə ölkələrimiz arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin inkişafında mövcud siyasi dialoqun əhəmiyyəti vurğulandı. İqtisadiyyat, ticarət sahələri üzrə əməkdaşlıq imkanlarının mövcudluğu diqqətə çatdırıldı, Azərbaycan və Bolqarıstan arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın bu xüsusda rolu qeyd edildi.

Enerji sahəsi üzrə həyata keçirilən birgə təşəbbüslərin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynadığı vurğulandı, bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsinin, xüsusilə yaşıl enerji sahəsi üzrə yeni layihələrin icrası üçün geniş perspektivlərin mövcud olduğu bildirildi.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırdı.

Sülh müqaviləsinin mətninin razılaşdırılmasına baxmayaraq, Ermənistan tərəfinin Konstitusiyası və digər qanunvericilik aktlarında ölkəmizə qarşı ərazi iddialarına son qoyulmasının, ATƏT-in Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğvinin ən vacib amil olduğu söylənildi.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti