Bolqarıstanda Xocalı soyqırımın ildönümü silsilə tədbirlərlə yad edildi
Xocalı Soyqırımı qurbanlarının, habelə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi Azərbaycan Respublikasının Bolqarıstandakı səfirliyi və Bolqarıstanın Baş müftülüyü tərəfindən Sofiya şəhərinin baş məscidində keçirilmiş mərasimdə yad edildi, ölənlərin xatirəsinə ehtiram əlaməti olaraq moizələr oxundu və ehsan verildi.
26 fevral tarixində Azərbaycanın Bolqarıstandakı səfirliyində keçirilən anım mərasimində Bolqarıstandakı Azərbaycan diasporunun nümayəndələri, eləcə də yerli ictimai xadimlər iştirak etdilər. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Bolqarıstandakı səfiri Hüseyn Hüseynov Xocalı soyqırımının tarixi, siyasi və hüquqi amilləri haqda ətraflı bəhs etdi və baş vermiş qanlı qətliyamın ilk dəfə olaraq soyqırımı adı ilə siyasi və hüquqi qiymətləndirməsinin Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında 1994-cü ildə Azərbaycan Respublikasını Milli Məclisi tərəfindən verildiyini vurğuladı. Səfir Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun Xocalı daxil olmaqla Azərbaycanın bütün şəhərlərinin Ermənistanın işğalından azad edilməsi ilə haqqın və ədalətin bərqərar olunduğunu qeyd etdi.
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bolqarıstan mediasında yayılan məlumatlarda Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinin təzahürü olan Xocalı soyqırımın mahiyyəti ətraflı izah edilərək bəşəriyyətin bu cür dəhşətli cinayətlərdən ibrət götürməsi və bundan nəticə çıxararaq gələcəkdə bu kimi faciələrin baş verməməsi məqsədilə cinayətkarların məsuliyyətə cəlb olunmasının və Xocalı soyqırımının tanınmasının vacibliyi diqqətə çatdırıldı.