Ümumi məlumat

Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşının, habelə Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikasında daimi yaşayan uşağının Azərbaycan Respublikasına qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.

 

Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs özü, habelə onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış şəxs barəsində bilərəkdən yanlış məlumat verərsə, ona Şəhadətnamə verilməsindən imtina olunur və bu barədə yazılı cavab verilir. İmtina haqqında qərardan qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət verilə bilər.

 

Diqqət! Xarici ölkədə daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikasının müvafiq xarici ölkədəki  (və yaxud ən yaxın ölkədəki) diplomatik nümayəndəlik və ya konsulluğunda konsulluq uçotuna alınmalıdır.

 

Növləri

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin iki növü var:

  1. Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulan qayıdış şəhadətnaməsi (AA seriyalı);
  2. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulan qayıdış şəhadətnaməsi (AB seriyalı).

 

Təyinatı

Azərbaycan Respublikasına hər bir qayıdış şəhadətnaməsinin təyinatı – müvafiq qrup şəxslər üçün Azərbaycan Respublikasına yalnız bir dəfə sərhədkeçmə (ölkəmizə giriş) aktını həyata keçirməklə qayıtmaq hüququnu təmin etməkdir.

 

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin təyinatından kənar məqsədlərlə istifadə edilməsi qadağandır!

 

Qayıdış şəhadətnaməsinin əldə edilməsi üçün müraciət edilməsi və qayıdış şəhadətnaməsinin verilməsi qaydaları

 

Qayıdış şəhadətnaməsi Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqları, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu olmayan xarici ölkələrdə ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər dövlətin diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən rəsmiləşdirilir.

 

18 yaşına çatmış (o cümlədən xarici ölkədə ikən 18 yaşı tamam olmuş) Azərbaycan Respublikası vətəndaşı və ya Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilməsi üçün sərbəst şəkildə şəxsən və ya qanuni nümayəndələri vasitəsi ilə müraciət etməlidirlər.

 

Yetkinlik yaşına çatmamış belə şəxslər yalnız yuxarıda sadalanan kateqoriyadan olan şəxslərin (valideynlərindən biri, qanuni nümayəndəsi (övladlığa götürənləri, qəyyum və ya himayəçiləri); və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmi təsdiq olunmuş etibarnamə əsasında hər hansı Azərbaycan Respublikası vətəndaşının) müşayiəti ilə ölkəmizə qayıda bilər.

 

Bu zaman yetkinlik yaşına çatmamış uşaqların soyadı, adı, atasının adı, cinsi və doğulduğu tarix ölkəmizə birgə qayıdacağı Azərbaycan Respublikası vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə verilən qayıdış şəhadətnaməsinə yazılır və foto-şəkli bu şəhadətnamə blankında xüsusi nəzərdə tutulmuş xanalara yapışdırılaraq möhürlənir. Əgər bu halda 18 yaşına çatmamış uşaqların sayı 3-dən artıqdırsa, ölkəmizə birgə qayıdacağı müvafiq Azərbaycan Respublikası vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan eyni şəxsin adına ikinci şəhadətnamə rəsmiləşdirilir; 4-cü və sonrakı yetkinlik yaşına çatmamış uşaqlar eyni qaydada (soyadı, adı, atasının adı cinsi və doğulduğu tarix bu şəhadətnamə blankına yazılmaqla və foto-şəkli bu şəhadətnamə blankında xüsusi nəzərdə tutulmuş xanalara yapışdırılaraq möhürlənməklə) ikinci şəhadətnaməyə qeyd edilməlidir.

 

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini almaq üçün müraciət edən şəxs tərəfindən müvafiq zəruri sənədlər təqdim edildikdən və müvafiq ərizə-anket qeydiyyata alındığı vaxtdan sonra, şəhadətnamə ən geci 3 təqvim günü müddətində verilir.

 

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini almaq üçün müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyünün, eləcə də onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs olmasının yoxlanılması məqsədi ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə) sorğu göndərir.

 

Qeyd olunan məlumatların düzgünlüyü təsdiq edildikdə, şəhadətnamə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu tərəfindən ən geci 3 təqvim günü müddətində verilir.

 

Müvafiq sorğuda göstərilən məlumatlar təsdiq edilmədikdə isə, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi üçün müraciət etmiş şəxsə şəhadətnamə rəsmiləşdirilmir.

 

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi hər bir halda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin) razılığı ilə verilir.

 

Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğu tərəfindən rəsmiləşdirilən qayıdış şəhadətnaməsinə 1 aydan çox olmamaq şərti ilə etibarlılıq (istifadə) müddəti müəyyən edilməlidir. Əgər Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi bu müddət ərzində istifadə olunmazsa o, qüvvədən düşür.

 

“Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi aşağıdakı kateqoriya şəxslərə verilə bilən, bu şəxslərin şəxsiyyətini təsdiq edən və onlara yalnız Azərbaycan Respublikasına qayıtmaq hüququ verən rəsmi sənəddir:

 

  • xarici ölkədə pasportu itmiş, oğurlanmış, yararsız hala düşmüş və ya etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşına və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan uşağına;
  • xarici ölkədə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşına;
  • xarici ölkədə pasportu itmiş, oğurlanmış, yararsız hala düşmüş və ya etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsə və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan uşağına;
  • xarici ölkədə 18 yaşına çatmış Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsə.

 

Bu halda “pasport” dedikdə, aşağıdakılar nəzərdə tutulur:

 

  • Azərbaycan Respublikası vətəndaşları üçün yalnız:

- Azərbaycan Respublikası vətəndaşının diplomatik, xidməti və ya ümumvətəndaş pasportu;

- Azərbaycan Respublikası dənizçisinin şəxsiyyət sənədi.

 

  • Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün yalnız:

- Azərbaycan Respublikasının hüdudlarından kənara getməsi üçün Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi;

- Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi.

 

Qanunvericiliklə müəyyən olunmuş məsuliyyət və məhdudiyyətlər

Hər bir şəxs Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini möhkəm saxlamağa borcludur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər müvafiq qaydada aşağıdakı qurumlar tərəfindən məsuliyyətə cəlb edilə bilərlər:

 

  • Azərbaycan Respublikasının ərazisində – müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən;
  • Azərbaycan Respublikasının hüdudlarından kənarda – Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqları tərəfindən.

 

Şəxs xarici ölkədə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi itdikdə, oğurlandıqda, yararsız hala düşdükdə (qəsdən korlandıqda) və etibarlılıq müddəti bitdikdə, dərhal Azərbaycan Respublikasının müvafiq xarici ölkədəki (və yaxud ən yaxın ölkədəki) diplomatik nümayəndəlik və ya konsulluğuna məlumat verməlidir. Eyni zamanda, şəxs yararsız hala düşmüş və yaxud etibarlılıq müddəti bitmiş qayıdış şəhadətnaməsini mütləq Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəlik və ya konsulluğuna təhvil verməlidir.

 

Bu hallarda Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğu tərəfindən işin faktiki halları araşdırılaraq həmin şəxsin adına yuxarıda göstərilən qaydalar əsasında yeni şəhadətnamə rəsmiləşdirilə bilər.

Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında Azərbaycan Respublikasına qayıdan şəxs Azərbaycan Respublikasının ərazisinə qayıtdığı vaxtdan 20 gün müddətində bu şəhadətnaməni ona pasport verən Azərbaycan Respublikasının müvafiq dövlət orqanına təhvil verməlidir.

 

Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs tərəfindən göstərilən sənədlər Səfirliyin konsulluq bölməsinə təqdim edildikdən sonra Şəhadətnamə ərizə anket qeydiyyata alındığı vaxtdan ən geci 3 təqvim günü müddətində verilir.

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onun verilməsində süründürməçiliyə yol verilməsinə görə – vəzifəli şəxslər səksən beş manatdan doxsan manatadək miqdarda cərimə edilir.

 

Dövlət rüsumu və inzibati cərimə

 

 “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının 2001-ci il tarixli Qanununun 16.1.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluğu tərəfindən Azərbaycan Respublikası vətəndaşlarına və ya Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə ölkəyə qayıtmaq üçün pasportu əvəz edən Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi üçün – 40 ABŞ dolları məbləğində dövlət rüsumu alınır.

 

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının pasportunun və Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin itirilməsinə və ya qəsdən korlanmasına görə 30 manat miqdarında cərimə edilirlər.

Arxiv üzrə axtarış