Bolqarıstana səfər edərkən vətəndaşlar üçün praktiki arayış

Bolqarıstana səfər edərkən vətəndaşlar üçün praktiki arayış – 24.06.2019

GÖMRÜK

 

Gömrük qaydaları:

  • Bolqarıstan gömrükçüləri ölkəyə daxil olan və tərk edən zaman bütün növ nəqliyyat vasitələrində axtarışlar aparmaq hüququna malikdir;
  • Bolqarıstana daxil olan və tərk edən zaman xarici ölkə vətəndaşları 10 min avroyadək və ya ona müqabil məbləğdə pulu (maksimum 9999 avro) yazılı bəyan etmədən keçirmək hüququna malikdir;
  • Ölkəyə gətirilən pulun miqdarı 10 min avro və ondan yuxarı (və ya ona müqabil digər valyuta) olduqda, yazılı bəyan edilməlidir. Bəyannamənin olmaması halında, Aİ qanunvericiliyinə uyğun olaraq, bütün pullar Bolqarıstan gömrük orqanları tərəfindən müsadirə olunur (Qeyd:Müsadirə olunmuş pulların hər hansı bir şəkildə geri qaytarılması mümkün deyil).

Bolqarıstan Cinayət Məcəlləsinin 251-ci maddəsinə əsasən elan edilməyən nağd pul məbləği ilə bağlı şəxslər cərimə və həbs cəzası da daxil olmaqla, cinayət məsuliyyətinə cəlb oluna bilər.

  • Vətəndaşın üzərində 10 min avrodan çox nağd pul olması halında, bəyan ediləcək pulun mənbəyi və istifadə məqsədi, pulun daşınacağı marşrut və nəqliyyat vasitəsi göstərilməklə gömrük bəyannaməsi doldurulmalı və “Qırmızı Keçid Yoluna” daxil olunmalıdır;
  • Bolqarıstana gətirilərkən gömrükdə yazılı bəyan olunmuş valyuta ölkəni tərk edən zaman yenidən bəyan edilərək çıxarılmalıdır;
  • Sərhəd-gömrük keçid məntəqələrindəki “Gömrük Valyuta Bəyannaməsi” ingilis, fransız, alman, türk və ya rus dilində doldurulura bilər.

Bolqarıstandan sərnişin ilə bərabər tranzit keçirilə bilən, keçirilməyən, həmçinin bəyan edilməsi məcburi olan əşyalar

 

Vətəndaşlarımız tərəfindən üzərində daşıdıqları zinət əşyaları, o cümlədən aşağıda göstərilən qızıl, platin, gümüş və digər qiymətli daş və məmulatlar Bolqarıstana giriş və çıxışda gömrüklərdə “yazılı” olaraq bəyan edilməlidir:

  • Çəkisi 37 qramdan artıq olan işlənmiş/işlənməmiş sikkə formasında qızıl və platin;
  • Vətəndaşların üzərilərində daşıdıqları da daxil olmaqla, çəkisi 60 qramdan artıq qızıl və platin tərkibli aksessuarlar;
  • Çəkisi 300 qramdan artıq işlənmiş, yarı işlənmiş və ya sikkə formasında olan gümüş tərkibli bəzək əşyaları və aksessuarlar;
  • Yuxarıda qeyd olunmayan digər qiymətli daş və metallar.

Silah-sursat, zəhərli, təsirli və partlayıcı maddələr, narkotik vasitələr, psixotrop maddələr, mühafizə altında olan bitki və heyvan növləri, sənət əsərləri və antikvar dəyəri olan hər cür əşyaların Bolqarıstana gətirilməsi qadağandır.

Bolqarıstan gömrük orqanları tərəfindən cərimə protokolu tərtib olunaraq müsadirə olunmuş əşyalarla (qızıl, gümüş, nağd pul və s.) əlaqədar vətəndaşlar 3 gün ərzində etiraz etmək hüququna malikdir. Bununla bağlı ödəniş edilməklə vəkil tutula və məhkəməyə müraciət oluna bilər.

Aşağıda qeyd olunan mallar rüsumsuz Bolqarıstana gətirilə bilər:

  • Tündlüyü 22% və ya artıq olan 1 litr spirtli içki və ya 2 litr şərab;
  • 2 qutu (40/50 ədəd) siqaret;
  • 500 qram qəhvə və ya qəhvə ekstraktı;
  • 100 qram çay və ya 40 qram çay ekstraktı;
  • 50 qram ətir və 250 qram eau de toilette;
  • Müalicə məqsədilə gətirilən dərmanlar gömrükdən rüsumsuz keçirilir. Bu halda müvafiq resept təqdim olunmalıdır.

Sayı yuxarıda göstərilən miqdardan artıq mallar üçün gömrük rüsumu ödənilməlidir.

“Methadone” adlı dərmanı istifadə edən xəstələr Beynəlxalq Narkotik Nəzarət Orqanının (INCB) saytında (www.incb.org) qeyd olunmuş meyarlara riayət etməli, Bolqarıstana girən zaman ölkəyə giriş-çıxış tarixləri və pasport məlumatlarını məsul gömrük xidməti əməkdaşlarına bildirməli, 15 gündən artıq qalacaq xəstələr isə müalicələrinin davamı üçün maddə asılılığı müalicə mərkəzlərinə müraciət etməlidir.

Digər gömrük tələbləri və rüsumlar, həmçinin ev heyvanlarının Bolqarıstana gətirilməsi ilə bağlı sanitar qaydalar barədə məlumat buradan əldə oluna bilər.

 

PASPORT VƏ VİZA

Ölkəyə səfər edərkən bütün şəxslər pasport və sənədlərinin etibarlılıq müddətini nəzərdən keçirilməli, Aİ üzvü ölkələrdən müvəqqəti və daimi yaşamaq icazəsi almış vətəndaşlar həmin sənədləri üzərlərində daşımalıdır. Müvəqqəti və daimi yaşama icazələri, həmçinin vizalar mütləq etibarlı pasporta əsaslanmalıdır.

Bolqarıstan Respublikasının qərarına əsasən 31 yanvar 2012-ci il tarixdən etibarən Şenqen bölgəsinə üzv və ya Şenqen prosedurunu tətbiq edən ölkələrdə müvəqqəti  və ya daimi əsasda yaşayan, həmçinin həmin ölkələrdən uzun müddətli yaşama məqsədli viza (D kateqoriya) alan şəxslər 6 ay ərzində 3 aydan artıq olmamaqla ölkə ərazisinə daxil ola və yaşaya bilərlər. Həmçinin, etibarlı qısa müddətli Şenqen vizası (C kateqoriya) ilə səyahət edən vətəndaşların ölkəyə giriş və çıxışlarında Bolqarıstan vizası almalarına ehtiyac yoxdur. Bu səbəbdən viza tələb etməyən üçüncü ölkələrə və ya Şenqen zonasına üzvü olmayan Aİ üzvü ölkələrə səyahət edəcək vətəndaşların gediş və qayıdışlarında Bolqarıstan marşrutunu istifadə etmələri halında ikidəfəlik və ya çoxdəfəlik viza almaları tövsiyə olunur. Bolqarıstanın viza siyasəti barədə ətraflı məlumat buradan əldə oluna bilər.

Bolqarıstana səfər edəcək şəxslərdən sərhəd keçid məntəqələrində yazılı olaraq iqamət edəcəkləri ünvanı bəyan etmələri tələb oluna bilər. Bu səbəbdən ölkəyə gələcək vətəndaşların dəvət məktubunun surətini özləri ilə gətirmələri faydalıdır.

2014-cü ilin 1 sentyabr tarixində qüvvəyə minmiş “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş”ə əsasən Avropa İttifaqı üzv ölkələri və Azərbaycan Respublikası vətəndaşlarına hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətə vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi qərarlaşdırılmışdır. Sazişin şərtləri barədə ətraflı məlumat buradan əldə oluna bilər.

Qeyd: Diplomatik və xidməti pasporta malik vətəndaşlar Bolqarıstana vizasız səyahət edə bilərlər.

 

MARŞRUTLAR VƏ SƏRHƏD KEÇİD MƏNTƏQƏLƏRİ

Bolqarıstana səfər edəcək və ölkədən tranzit keçəcək vətəndaşlar aşağıdakı marşrutlardan istifadə edə bilərlər:

  • Kapıkule-Kapitan Andreevo sərhəd keçid məntəqəsi - Türkiyə vasitəsilə Bolqarıstana gələcək və geri qayıdacaq vətəndaşlar əsasən sərhəd keçid məntəqəsindən istifadə edə bilərlər. Yaz aylarında Kapıkule-Kapitan Andreevo sərhəd keçid məntəqəsində sıxlığn olması ilə bağlı Bolqarıstan hüquq-mühafizə orqanları (yol polisi) sürücüləri Lesovo - Hamzabeylisərhəd keçid məntəqəsinə yönləndirə bilər.
  • Rumıniya yolu ilə Bolqarıstana giriş-çıxış edəcək vətəndaşlar iki əsas marşrutdan - Ruse (Bolqarıstan) - Giurgiu (Rumıniya) və Vidin (Bolqarıstan) - Kalafat (Rumıniya)marşrutlarından istifadə edə bilər. Dunay çayı üzərində yerləşən Ruse (Bolqarıstan) - Giurgiu (Rumıniya) sərhəd keçid məntəqəsində mövcud körpünün potensialının kifayət etməməsi nəqliyyatda tıxac və yubanmalara səbəb ola bilər. Vidin (Bolqarıstan) - Kalafat (Rumıniya) sərhəd keçid məntəqəsində körpü ilə yanaşı bərələr də fəaliyyət göstərir. Lakin bərələrin kifayət etmədiyi hallarda sərhəd qapısında yubanmalar baş verə bilər.
  • Serbiya yolu ilə Bolqarıstana giriş-çıxış edəcək vətəndaşlar əsasən Kalotina (Bolqarıstan) - Dimitrovqrad (Serbiya) sərhəd keçid məntəqəsindən istifadə edə bilər;

Bolqarıstandan tranzit keçəcək vətəndaşların marşrutlarını müəyyən edərkən diqqətli olmaları və yüksək sürətdən yayınmaları tövsiyə olunur.

Bolqarıstandan avtomobil yolu ilə tranzit keçəcək vətəndaşların təhlükəsizlik baxımından aşağıdakıları nəzərə almaları faydalıdır:

  • Gündüz vaxtı səyahət edilməsi;
  • Marşrut olaraq magistral və əsas yolların seçilməsi;
  • Ehtiyac olmadıqca böyük miqdarda nağd pul və zinət əşyasının daşınmaması;
  • Baş vermiş hadisə ilə bağlı dərhal polisə müraciət edilməsi və protokolun tərtib olunmasının tələb olunması;
  • Müvəqqəti qalma hallarında nəqliyyat vasitələrinin mühafizə olunan dayanacaqlarda və ya qapalı qarajı olan mehmanxanalarda saxlanılması;

Qeyd: Nadir hallarda Bolqarıstanda xarici nömrəli nəqliyyat vasitələrinin oğurlanması halları baş verir. Belə hallarda qısa zaman ərzində polisə müraciət olunmalıdır. Bolqarıstanda bir neçə gün qalmağı planlaşdıran vətəndaşların kasko sığortasını Bolqarıstanı əhatə edəcək formada bağlamaları faydalı olar.

Yol Yardım Xidməti

Sofiya şəhərində 24 saat texniki xidmət verən Yol Yardım Xidməti fəaliyyət göstərir (Ünvan: “3 Pozitano Street, Sofia”, telefon: (0359-2) 980 33 08). Adətən məlumatın verilməsindən 30 dəqiqə ərzində texniki yardım vasitəsi lazımi təyinat yerinə çatır.

 Bolqarıstanda yalnız üzərində sabit işığı olan rəsmi polis avtomobillərinin yoxlama və nəzarət məqsədli nəqliyyat vasitələrini dayandırmaq səlahiyyəti var. Bu vasitələrin üzərində ayrıca polis olduğunu göstərən yazı və maşın nömrəsi qeyd olunur. Digər vasitələrin nəqliyyat vasitələrini dayandırmaq səlahiyyəti yoxdur. Sərhəd keçid məntəqələrində həmçinin təhlükəsizlik tədbirləri, dayanacaqlar, polis vasitələri, işarələri, faydalı telefon nömrələri, polisin hansı hallarda vasitələri dayandırmaq hüququnun olması barədə ətraflı məlumat verən ingilis, alman və türk dillərində məlumat kitabçaları mövcuddur.

Nəqliyyat qaydalarına dair

Bolqarıstanda bütün nəqliyyat vasitələri üçün “Vinyet” adı verilən pul sistemi tətbiq olunur. Hazırda, Bolqarıstan magistral yolları üçün yol keçid markalarının (vinyet) satışı və yoxlanışı onlayn rejimdə aparılır. 17 dekabr 2018-ci il tarixindən etibarən satışına başlanılmış e-vinyetlər 1 yanvar 2019 tarixindən etibarən tətbiq olunur. Bu səbəbdən Bolqarıstan vasitəsilə Avropa ölkələrinə səfər edəcək və geri dönəcək sürücülər artıq internet və ya mobil proqram vasitələrlə sözügedən e-vinyetləri təmin etməlidir.

Dövlət rəsmiləri tərəfindən mediaya verilən məlumatda yeni sistem vasitəsilə nəzarətin asanlaşdırılmasının hədəfləndiyi və e-vinyetlərin yoxlamasının avtomatik nömrə oxuyucu kameralar hesabına təmin ediləcəyi bildirilmişdir. Yoxlamalar üçün 300 sabit və 105 mobil kameradan istifadə olunacaq, cərimələr isə yerində yalnız bank kartı vasitəsilə və ya sərhəd keçid məntəqələrində nəğd olaraq ödənilməlidir. Məlumatlarda vinyetsiz idarə olunmaya görə sürücülərin nəqliyyat vasitəsinin ağırlığına müvafiq olaraq 35-90 avroya müqabil məbləğdə cərimə olunacaqları bildirilmişdir.

Nəqliyyat vasitələrinin sahibləri e-vinyetləri bgtoll.bg saytı və ya mobil proqram vasitəsilə əldə edə və Bolqarıstana daxilolma tarixinə görə onları aktivləşdirə bilərlər. Əgər sürücü öncədən kağız vinyet alıblarsa və onun müddəti 1 yanvar 2019-cu il tarixdən sonrakı dövrü əhatə edirsə, sürücü həmin vinyeti qüvvədə olma müddəti başa çatanadək istifadə edə bilər.

Bolqarıstanın “Quru yolları Qanun”una edilmiş sonuncu dəyişikliklərdə bəzi yol hərəkəti pozuntuları zamanı həm sürücülük vəsiqələrinə cərimələrin tətbiq edilməsi, həm də nəqliyyat vasitələrinin ölkə ərazisindəki hərəkətinin məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Sözügedən qanuna əsasən, sıxlıqla təkrarlanan bəzi yol hərəkəti pozuntularına görə aşağıdakı cəza və cərimələrin tətbiq edilməsi nəzərdə tutulmuşdur:

 

  • Avtomobilin sürücülük vəsiqəsi olmadan və ya etibarsız sürücü sənədi ilə idarə edildiyi aşkar olunduqda, cərimə ilə yanaşı istifadə olunan nəqliyyat vasitəsinin 6 aydan 1 ilədək sürücülük hüququndan məhrum edilməsi;

 

  • Qanında 0,5/1000 səviyyənin üzərində spirt müəyyən olunan və ya spirt testinin aparılmasından imtina edən şəxslər üçün cərimənin tətbiq olunması və sürücülük vəsiqəsinin müəyyən müddət üçün müsadirə olunması, həmçinin istifadə olunan nəqliyyat vasitəsinin 6 aydan 1 ilədək sürücülük hüququndan məhrum edilməsi;

 

Eyni zamanda,  xüsusilə yük daşınması ilə məşğul olan beynəlxalq avtomobil nəqliyyatı (TİR) sürücülərinin Bolqarıstanda tətbiq edilən müvəqqəti məhdudiyyətlərə diqqət yetirmələri çox vacibdir. Belə ki, Bolqarıstanda adətən bayram tətili, yaz fəsli və ya yol təmiri zamanı 12 ton və daha çox çəkiyə malik avtomobillər üçün günün müəyyən saatlarında səyahət qadağaları tətbiq edilir. Müvəqqəti rejim barədə Bolqarıstan Respublikası Regional İnkişaf və İctimai İşlər Nazirliyinin Yol İnfrastruktur Agentliyinin veb saytında (http://www.api.bg/index.php/en) müvafiq məlumat dərc olunur. Bu vasitə ilə yollarda tətbiq olunan “12 tondan ağır vasitələrin girməsi qadağandır” yol nişanları barədə xəbərdarlıq yayımlanır və alternativ marşrutlar barədə məlumat verilərək nəzərə alınması sürücülərdən xahiş olunur.

 

Təsbit olunanlar halların pozulması ilə bağlı “Quru yolları Qanun”u sürücünün 300 lev  (təxminən 150 avro) məbləğində cərimə olunmasını, sürücülük vəsiqəsinin 1 ay müddətinə müsadirə olunmasını və avtomobilin 1 ay müddətinə sürücülük hüququndan məhrum edilməsini nəzərdə tutur.

 

Həmçinin, Bolqarıstanda 6 aydan çox qalacaq vətəndaşlarımız sürücülük vəsiqələrini Bolqarıstan sürücülük sənədi ilə əvəz etməlidir. Sözügedən prosesin həyata keçirilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

 

  1. Ən azı orta məktəb şəhadətnaməsi (Apostil olunmuş);
  2. İş və yaşama icazəsi (daimi və ya müvəqqəti);
  3. Tibbi arayış;
  4. Pasport;
  5. Sürücülük vəsiqəsinin əsli (bolqar dilinə tərcümə olunmaqla).

 

Qeyd: Tamamlamış bütün sənədlər müvafiq yol polisi idarəsinə (KAT) təqdim edildikdən sonra sürücülük vəsiqəsinin alınması təxminən 2 ay müddət tələb edir.

Bolqarıstanda spirtli içki limiti 0,5/1000-dir. Bu tələbin pozulması halında 6-12 ay müddətinə sürücülük hüququ məhdudlaşdırıla, müvafiq olaraq 500-1000 lev məbləğində cərimə tətbiq oluna bilər. İkinci dəfə eyni pozuntunun baş verməsi halında sürücülərin 1-3 il müddətində sürücülük hüququ məhdudlaşdırıla və 1000-2000 lev məbləğində cərimə tətbiq oluna bilər.

Şəhərdaxili sürət həddinin pozulmasına görə cərimələr:

  • 10 km/saat üçün 20 lev;
  • 11-20 km/saat üçün 50 lev;
  • 21-30 km/saat üçün 100 lev;
  • 31-40 km/saat üçün 400 lev;
  • 40-50 km/saat üçün 600 lev;
  • 50 km/saatdan yuxarı üçün 3 ay müddətinə sürücülük vəsiqəsi müsadirə olunur və 700 lev cərimə yazılır və hər 5 km/saat üçün əlavə 50 lev cərimə hesablanır.

Şəhərdən kənar sürət həddinin pozulmasına görə cərimələr:

  • 10 km/saat üçün 20 lev;
  • 11-20 km/saat üçün 50 lev;
  • 21-30 km/saat üçün 100 lev;
  • 31-40 km/saat üçün 300 lev;
  • 41-50 km/saat üçün 400 lev;
  • 50 km/saatdan yuxarı üçün 600 lev cərimə yazılır və hər 5 km/saat üçün əlavə 50 lev cərimə hesablanır.

Nəqliyyat vasitəsinin istifadəsi zamanı mobil telefondan istifadə və işıqforun qırmızı işığında keçməyə görə 50 lev məbləğində cərimə tətbiq olunur. Bolqarıstanda hərəkət halında olan bütün avtomobillərin ön işıqlarının açıq (yanılı) saxlanılması məcburidir. Cərimələr barədə ətraflı məlumat buradan əldə oluna bilinər.

Bolqarıstan Cinayət Məcəlləsinin 301-ci maddəsinə görə rəsmi vəzifəli şəxslərin rüşvət alması cinayətdir. Eyni zamanda rüşvət vermək də cinayət hesab olunur. Rüşvət tələbi ilə qarşılaşan xarici ölkə vətəndaşları 00359 2 982 22 22 nömrəsinə və ya 112 xəttinə zəng edərək şikayət edə bilərlər. Sərhəd keçid məntəqələrində şikayət telefonlarını göstərən lövhələr mövcuddur. Həmçinin şikayətlərin yazılı olaraq çatdırılması üçün poçt qutuları da var.

Avtomagistrallarda gözlənilən qaydalar

Avtomagistrallarda ağ rəngli və üzərində bölgə nömrələri olan polis avtomobillərindən başqa digər hüquq-mühafizə orqanlarının cərimə tətbiq etmək hüququ yoxdur. Cərimələr bolqar milli pul vahidi lev ilə tutulur. Avro və ya başqa pul vahidi ilə cərimə tətbiq olunmur. Həmçinin, yol polislərinin cərimə üçün pul qəbul etmək səlahiyyətləri yoxdur. Cərimələr ölkədən çıxarkən sərhəd keçid məntəqələrində və Yol Şöbə Stansiyalarında (KAT) ödənilir.

Ölkəyə giriş üçün avtomobillərə qoyulan tələblər və sığorta zərurəti

Bolqarıstan vasitəsilə səyahət edəcək şəxslərdən avtomobilin onların adına olması tələb olunur. Əgər avtomobil başqa şəxsin mülkiyyətidirsə vəkalətnamə olmalıdır. Ölkədən tranzit keçəcək nəqliyyat vasitələrinin buraxılış ili ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Qərbi Avropada rezident olan şəxslərin nəqliyyat vasitələri üçün bağladıqları beynəlxalq nəqliyyat sığortası (yaşıl kart) Bolqarıstanda da qəbul olunur. Beynəlxalq nəqliyyat sığortası olmayan vətəndaşların Bolqarıstana girişdə, sərhəd keçid məntəqələrində nəqliyyat sığortası bağlaması lazımdır.

Həbs cəzası nəzərdə tutan yol hərəkatı pozuntuları

Bolqarıstan qanunlarına əsasən ölüm və xəsarətlə nəticələnən yol qəzalarına səbəb olan şəxslər həbs cəzasına məhkum edilir.

Ölüm və yaralanma ilə nəticələnməyən yol qəzalarında, qəzaya səbəb şəxslərin nəqliyyat sığortalarının olub-olmamasına baxılır, nəticədə polis tərəfindən bir qəza protokolu tərtib olunur və ekspertin hazırladığı qəza aşkar protokoluna əsasən lazımi kompensasiyanın ödənilməsi sığortadan tələb olunur.

Ölüm və yaralanma ilə nəticələnən yol qəzalarında isə qəzaya səbəb olan şəxslər nəzarət altına alınaraq istintaq başladılır və proses məhkəmədə davam edir. İstər istintaq, istərsə də məhkəmə zamanı, qazanın miqyasına görə müvafiq şəxslər şərti və ya girovsuz olaraq sərbəst buraxıla bilər, ancaq pasportları təhvil alınaraq ölkədən çıxmalarına icazə verilmir. Ölüm baş verən yol qəzası ilə bağlı məhkəmə prosesi başa çatanadək nəqliyyat vasitəsinin Bolqarıstan ərazisini tərk etməsinə icazə verilmir.

ÖLKƏ ƏRAZİSİNDƏ SAXLANILMA İLƏ BAĞLI MƏLUMAT

Haqsızlığa məruz qalındıqda dərhal polisə və Səfirliyə müraciət oluna bilər. Vətəndaşlar Bolqarıstan ərazisində həbs olunduqları halda tərcüməçi və vəkil tələb etmək, həmçinin Səfirliyin məlumatlandırılmasını istəmək hüququna malikdir.

Mövcud təcrübəyə əsasən nəzarətdə saxlanılan şəxsə bolqar qurumları tərəfindən tərcüməçi və vəkil təyin olunur. Təmin olunan tərcüməçi və vəkilin maaşları Bolqarıstan dövləti tərəfindən ödənilir. Əvvəl nəzarətdə saxlanılmanın şərtləri açıqlanır və sağlamlıq vəziyyətinə dair şəxsin izahatına ehtiva edən anket doldurulur. Bolqarıstanda nəzarət müddəti 24 saatdır, lakin prokurorluğun qərarı ilə bu müddət 72 əlavə olaraq uzadıla bilər. Bu müddət ərzində nəzarətindəki şəxs məhkəməyə çıxarılır.

Son dövrlər evlənmək, iş qurmaq, yoldaşlıq etmək kimi vədlərlə vətəndaşların aldadılması halları çoxalmış və bu barədə Səfirliyə şikayətlər daxil olmuşdur. Bu xüsusda, Konsulluq bölməsi bənzər saxtakarlıq cəhdlərinə məruz qalmamaları üçün vətəndaşlara xəbərdar edir, heç bir halda pul köçürmələri edilməməsini məsləhət görür. Əksər hallarda insanların saf niyyətlərini istismar edən həmin şəxslər mütəşəkkil qruplar halında fəaliyyət göstərir, saxta identik və ünvan məlumatlarından istifadə edir və telefonlarını tez-tez dəyişirlər. Bu hal həmin şəxslərin hüquq-mühafizə orqanları tərəfindən aşkarlanmasını çətinləşdirir, əksər hallarda istintaq prosesinin uzun müddət davam etməsini labüd edir. Nəzərə alınmalıdır ki, Səfirlik istintaq prosesi ilə bağlı hüquq-mühafizə orqanlarının işinə müdaxilə etmək hüququna malik deyil.

Şikayətlər üçün əlaqə vasitələri

Bolqarıstanda əcnəbilərə qarşı törədilən cinayət və arzu edilməyən hallarla bağlı 112 və ya 166 saylı xətlər 24 saat ərzində ödənişsiz fəaliyyət göstərir.

Bolqarıstana səfər edən və ya ölkədən tranzit keçən xarici ölkə vətəndaşları şikayətləri ilə bağlı (avtomobil qəzası, tibbi yardım və s). hadisənin tarixi, saatı, yeri, şikayət edənin adı, soyadı, doğum tarixi, vətəndaşlığı, pasport nömrəsi, şikayət etdikləri vəzifəlinin soyadı və varsa yaxa nömrəsini göstərməklə ən yaxın polis idarəsinə və ya aşağıdakı ünvanlara müraciət edə bilərlər:

  • Bolqarıstan Respublikası Daxili İşlər Nazirliyi: mvd.bg
  • Sərhəd Polisi Direktorluğu: nsgp@mvr.bg
  • Faks: 00359 2 988 58 76
  • Poçt: Mariya Luiza 46, 1202 Sofia, Bulgaria
  • Hər növ şikayət üçün ümumi nömrə: 112 (türk dilində xidmət göstərir)
  • Polis qaynar xətti: 166 / 146 (Mobil telefondan zəng edildiyi təqdirdə)
  • Avtomobil  evakuasiya xidməti: (00 359) 87 663 7331;
  • Yol Təhlükəsizlik Xidməti - (00 359) 89 9799999;
  • Sofiya Nəqliyyat Xəstəxanası (Pirogov): (00 359 2) - 9154411, - 9521161, - 9549468;
  • Sofiya Regionu Yol Polisi (00 359 2) 9824901
  • Milli Polis Direktorluğu: (00 359 2) 982 50 00
  • Xarici işlər Nazirliyinin növbətçi hissəsi: (00 359 2) - 9482404, - 9482707
  • Daxili işlər Nazirliyinin növbətçi hissəsi: (00 359 2) – 9822983, - 9823037

Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin əlaqə vasitələri

  • Ünvan: Bolqarıstan Respublikası, Sofiya şəhəri 1113, rayon İzqrev, məhəllə İztok, Çarlz Darvin küç., №6
  • Tel: (00 359 2) 8170070 (Səfirlik)
  • Tel: (00 359 2) 8170074 (Konsulluq şöbəsi)
  • Faks: (00 359 2) 8170077
  • E-poçt:sofia@mission.mfa.gov.az

 consul_sofia@mission.mfa.gov.az

Arxiv üzrə axtarış